Azərbaycan Milli Konservatoriyasında tələbələr üçün maarifləndirici və interaktiv tədbir təşkil olunub.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Tranplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi gənclər arasında orqan donorluğu barədə məlumatlılığı artırmaq, bu mövzuya mənəvi aspektdən yanaşmanı təşviq etmək olub.
Tədbiri giriş sözü ilə açan konservatoriyanın prorektoru Lalə Hüseynova vurğulayıb ki, musiqi insanın ruhuna toxunduğu kimi, donorluq mövzusu da birbaşa insanın ruhuna səslənir. “Bu gün donorluğun əhəmiyyəti həyatın özünə xidmət edən ən ali dəyərlərlərdəndir.”
Ardınca çıxış edən ODTKM İdarə Heyətinin sədr müavini Günay Abbasova auditoriyaya müraciət edərək donorluq qərarının xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Orqan donorluğu ilə bağlı qərar hər bir insanın öz iradəsi ilə verməli olduğu seçimdir. Bu qərar əvvəlcədən düşünülərək verildikdə, ən çətin anda belə başqalarına yol göstərir.”
Daha sonra çıxış edən həkim-koordinator Mehriban Əliyeva mövzunu real həyat prizmadan izah edib: “Biz hər gün transplantasiya gözləyən insanların ümidinə şahid oluruq. Donor olmaq isə bu ümidləri gerçəyə çevirən ən böyük addımlardan biridir.”
Tədbirin davamında təşkil olunan interaktiv sual-cavab hissəsi isə xüsusilə fəal keçib. Tələbələr mövzuya yalnız dinləyici kimi deyil, düşünən və sorğulayan tərəf kimi qoşularaq müxtəlif suallar səsləndiriblər. Sonda isə fəallıq göstərən tələbələr xüsusi hədiyyələrlə mükafatlandırılıb.